Reports for VOA Azerbaijani
İlhamə Kərimova əvvəllər gözəllik salonunda çalışsa da, bir aydan çoxdur ki, işsizdir. Həyat yoldaşı Urfan Kərimov isə restoranda aşpaz kimi fəaliyyət göstərir. Deyir ki, övladlarının təhsili üçün bəzən istirahət günü də daxil, fasiləsiz işləyir, amma yenə də aylıq xərcləri çatdıra bilmir.
Dövlət Statistika Komitəsinin 2021-ci il hesabatında ərzaq xərcləri ölkə üzrə 43,6 faiz təşkil edib. Eyni zamanda statistikada istirahət və mədəniyyət xidmətlərinə 3,7 faiz, təhsilə edilən xərc isə cəmi 1,6 faiz göstərilib. 2022-ci ilin yanvar-oktyabr aylarına görə ərzaq xərcləri artıq 51 faizi keçib.
İqtisadçı-ekspert Fərid Mehralızadə deyir ki, insanların büdcəsində qida və ərzaq xərcləri nə qədər çox yer tutursa, həmin şəxslərin iqtisadi inkişaf göstəriciləri bir o qədər aşağıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda orta aylıq adambaşına gəlir 300,6 manat olduğu halda, xərc 308,6 manat təşkil edib.
Ekspert hesab edir ki, insanların xərclərini müəyyən edən amil, ilk növbədə, onların gəlir səviyyəsidir.
Kərimovlar deyir ki, bir neçə il əvvəl ev tikməyə başlasalar da, indiki qiymət bahalığı işlərini yarımçıq qoyub. Hazırda nə evlərini təmir edə, nə də kreditsiz yaşaya bilirlər. Bununla yanaşı, ailə ən çox pulu uşaqların dərs hazırlıqlarına və kommunala xərcləyir.
Kərimovlar ailəsi üçün geyim və istirahət xərcləri ən sonuncu yerdədir.